25-02-2020
 

Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsili üzrə təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar

AZƏRBAYCAN RESPUBLİKASI

TƏHSİL NAZİRLİYİNİN KOLLEGİYASI

 

QƏRARI

 

№ 5/2                                                                                       15 noyabr 2017-ci il

 

Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsili üzrə təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar”ın təsdiq edilməsi barədə

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 yanvar 2011-ci il tarixli 9 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin 3.9-cu bəndini nəzərə alaraq və “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.1-ci bəndini və 16-cı hissəsini rəhbər tutaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyası QƏRARA ALIR:

 

1. “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsili üzrə təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar” təsdiq edilsin (əlavə olunur).

2. Elm, ali və orta ixtisas təhsili şöbəsi (Y.Piriyev) qərardan irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etsin.

3. Bu qərarın ali təhsil müəssisələrinə göndərilməsi, eləcə də “Azərbaycan müəllimi” qəzetində dərc edilməsi və nazirliyin internet səhifəsində yerləşdirilməsi İnformasiya şöbəsinə (E.Əliyev) həvalə olunsun.

4. Nazirliyin Hüquq şöbəsinə (S.Kazımov) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

5. Qərarın icrasına nəzarət nazir müavini C.Bayramova həvalə edilsin.

 

Kollegiyanın sədri,

 

Nazir

Mikayıl Cabbarov

 

 

 

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 15.11.2017-ci il tarixli, 5/2 nömrəli

Qərarı ilə təsdiq edilmişdir

 

 

 

 

Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsili üzrə təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair

QAYDALAR

1. Ümumi müddəalar

 

1.1. Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsili üzrə təhsilalanların (bundan sonra - tələbələrin) köçürülməsi, tələbələr sırasından xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar (bundan sonra - Qaydalar) "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 21 yanvar tarixli 9 nömrəli qərarı ilə təsdiq olunmuş "Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin 3.9-cu bəndinə uyğun hazırlanmış və tələbələrin bir ali təhsil müəssisəsindən və ya təhsil proqramından (ixtisasdan) digərinə köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsi məsələlərini tənzimləyir.

1.2. Bu Qaydalar tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının bütün ali təhsil müəssisələrinə (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla) şamil edilir.

1.3. Əcnəbi və vətəndaşlığı olmayan tələbələrin bir ali təhsil müəssisəsindən və ya təhsil proqramından (ixtisasdan) digərinə köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsi məsələləri bu Qaydalarla tənzimlənir.

1.4. Ali təhsilin bakalavriat səviyyəsində, tibb təhsilinin əsas tibb təhsili üzrə tələbələrin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi, ixtisasının və (və ya) təhsilalma formasının dəyişməsi, tələbələr sırasına bərpası və akademik məzuniyyətdən qayıtması qış və yay tətili dövründə həyata keçirilir.

1.5. Ali təhsilin magistratura səviyyəsində tələbələrin bir ixtisasdan (ixtisaslaşmadan) digərinə köçürülməsinə yol verilmir. Həmin səviyyədə təhsil alan tələbələr yalnız təhsilalma formasını dəyişmək, 1-ci tədris ilində eyni ixtisas (ixtisaslaşma) üzrə bir ali təhsil müəssisəsindən digərinə köçürülmək, xaric olunanlar isə öz ixtisası (ixtisaslaşması) üzrə əvvəl təhsil aldığı ali təhsil müəssisəsinə bərpa olunmaq hüququna malikdirlər. Bu prosedurlar bu Qaydaların 1.4-cü bəndində göstərilən müddətdə həyata keçirilir.

1.6. Bir ali təhsil müəssisəsindən digərinə köçürülən, ixtisasını dəyişən və tələbələr sırasına bərpa olunan şəxslər (dövlət sifarişi əsasında təhsil alanların eyni ixtisas üzrə köçürülməsi istisna olmaqla) təhsillərini yalnız ödənişli əsaslarla davam etdirirlər.

1.7. Akkreditə olunmayan xarici ölkə ali təhsil müəssisələrinin tələbələrinin Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə köçürülməsinə və ya bərpa olunmasına yol verilmir.

1.8. Tabeliyindən və mülkiyyət növündən asılı olmayaraq tələbələrin bir ali təhsil müəssisəsindən və ya ixtisasdan digərinə köçürülməsi, xaric olunmuş şəxslərin tələbələr sırasına bərpası (əvvəl təhsil aldığı ali təhsil müəssisəsinə öz ixtisası üzrə bərpası istisna  olmaqla)  Azərbaycan  Respublikası Təhsil Nazirliyinin razılığı ilə həyata keçirilir. Dövlət adından təsisçi funksiyalarını həyata keçirən digər nazirlik, dövlət komitəsi və ya idarələrin (bundan sonra - qurum) tabeliyində olan dövlət ali təhsil müəssisələrinə köçürülməsi və bərpası tabe olduqları qurumun və Təhsil Nazirliyinin razılığı ilə həyata keçirilir.

1.9. Ali təhsil müəssisəsi ilə bağlanmış müqaviləyə əsasən tələbənin təhsil haqqını hər hansı fiziki və ya hüquqi şəxs ödədiyi təqdirdə, başqa ali təhsil müəssisəsinə və ya ixtisasa köçürülmə həmin şəxslə yazılı qaydada razılaşdırılır.

1.10. Tələbə bir ali təhsil müəssisəsindən  (ixtisasdan) digərinə köçürüldüyü, tələbələr sırasına bərpa olunduğu və akademik məzuniyyətdən qayıtdığı halda onun əvvəllər qazandığı kreditlər (təhsil nəticələri) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın  3.2.15-ci yarımbəndinin müddəaları gözlənilməklə nəzərə alınır.

1.11. Bərpa olunan, təhsilalma formasını dəyişən və ya köçürülən (dövlət sifarişi əsasında təhsil alanların eyni ixtisas üzrə köçürülməsi istisna olmaqla) tələbələr təhsil alacağı qrup üçün müəyyən edilmiş məbləğə uyğun təhsil haqqı ödəyirlər.

 

2.          Tələbələrin köçürülməsi

 

2.1. Tələbələrin ixtisasını və (və ya) təhsilalma formasını dəyişməsi, bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi birinci semestr başa çatdıqdan sonra həyata keçirilir. Xarici ölkə ali təhsil müəssisələrində qiyabi təhsil alan tələbələrin ölkənin ali təhsil müəssisələrinə köçürülməsi aparılmır.

2.2. Tələbələrin bakalavriat səviyyəsində bir ali təhsil müəssisəsindən və ya (və) ixtisasdan digərinə köçürülməsi zamanı tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar Dövlət İmtahan Mərkəzi (bundan sonra - DİM) tərəfindən müəyyən olunmuş eyni ixtisas qrupu daxilində olmalıdır[1].

2.3. Ölkə daxilində bakalavriat səviyyəsində, tibb təhsilinin əsas tibb təhsili üzrə tələbələrin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi, təhsilalma formasını və ya ixtisasını dəyişməsi o şərtlə aparıla bilər ki, DİM tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmasın.

2.4. Aşağıdakı hallarda bakalavriat səviyyəsində (hüquqşünaslıq və baza ali tibb ixtisasları istisna olmaqla) tələbənin köçürülməsi DİM tərəfindən keçirilən qəbul imtahanlarında topladığı bal nəzərə alınmadan aparılır:

2.4.1. Bakıda yerləşən dövlət ali təhsil müəssisəsindən ölkənin regionlarında (Sumqayıt şəhəri istisna olmaqla) yerləşən ali təhsil müəssisəsinə (öz ixtisası üzrə) köçürüldükdə;

2.4.2. Ölkənin bir regionunda yerləşən ali təhsil müəssisəsindən digər regionda yerləşən (Bakı və Sumqayıt şəhərləri istisna olmaqla) ali təhsil müəssisəsinə (öz ixtisası üzrə) köçürüldükdə;

2.4.3. akademik məzuniyyətdən qayıtdıqda əvvəl təhsil aldığı ali təhsil müəssisəsində öz ixtisası üzrə kadr hazırlığı aparılmadıqda həmin müəssisədə digər ixtisas üzrə tələbələr sırasına daxil edildikdə;

2.4.4. ölkə ali təhsil müəssisələrinə beynəlxalq səviyyəli imtahanlarda qazandığı nəticələr (SAT, TOEFL İBT, İELTS və s.) əsasında qəbul olunduqda.

2.5. Magistratura səviyyəsinin 1-ci tədris ili müddətində tələbələrin öz ixtisası (ixtisaslaşması) üzrə bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi və ya təhsilalma formasını dəyişməsi o şərtlə aparıla bilər ki, DİM tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas (ixtisaslaşma) üzrə minimal keçid balından az olmasın.

  2.6. Yalnız aşağıdakı hallarda magistratura səviyyəsində (hüquqşünaslıq ixtisası istisna olmaqla) tələbənin köçürülməsi DİM tərəfindən keçirilən qəbul imtahanlarında topladığı bal nəzərə alınmadan aparılır:

2.6.1. Bakıda yerləşən dövlət ali təhsil müəssisəsindən öz ixtisası (ixtisaslaşması) üzrə ölkənin regionlarında (Sumqayıt şəhəri istisna olmaqla) yerləşən ali təhsil müəssisəsinə köçürüldükdə;

2.6.2. akademik məzuniyyətdən qayıtdıqda əvvəl təhsil aldığı ali təhsil müəssisəsində öz ixtisası (ixtisaslaşması) üzrə kadr hazırlığı aparılmadıqda öz ixtisaslaşması üzrə digər ali təhsil müəssisəsinə və ya həmin müəssisədə öz ixtisasına daxil olan digər ixtisaslaşma üzrə tələbələr sırasına daxil edildikdə.

2.7. DİM tərəfindən keçirilən imtahanlarda iştirak etdikləri halda əyani təhsil alan Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkə ali təhsil müəssisələrindən ölkənin ali təhsil müəssisələrinə köçürülməsi bu Qaydaların 2.2.-2.3-cü bəndlərində birinci cümləsində qoyulan şərtlər daxilində aparılır.

2.8. DİM tərəfindən keçirilən imtahanlarda iştirak etmədikləri halda xarici ölkə ali təhsil müəssisələrində əyani təhsil alan Azərbaycan Respublikası vətəndaşlarının ölkənin ali təhsil müəssisələrinə köçürülməsi məsələsinə baxılması zamanı aşağıdakılar nəzərə alınır:

2.8.1. beynəlxalq səviyyəli imtahanlarda qazandığı nəticələr (SAT imtahanından yeni şkala üzrə ən azı 1000 bal (riyaziyyat üzrə ən azı 560 bal), TOEFL İBT imtahanından ən azı 75 bal, İELTS imtahanından ən azı 6.0 bal);

2.8.2. qənaətbəxş akademik göstəriciləri;

2.8.3. köçürülmə səbəbləri;

2.8.4. təhsil aldığı ali təhsil müəssisənin dünyanın ən yaxşı ali təhsil müəssisələri reytinqlərində[2] yer alması.

2.9. Bir ali təhsil müəssisəsindən və (və ya) ixtisasdan digərinə köçürülmək, eləcə də təhsilalma formasını dəyişmək istəyən tələbə aşağıdakı sənədləri əlavə etməklə Təhsil Nazirliyinə elektron ərizə ilə (www.transfer.edu.az ) müraciət edir:

2.9.1. akademik arayış (akademik transkript) - tələbənin təhsil müddətində keçdiyi fənlər üzrə topladığı kreditləri (saatları) və qiymətləri (rəqəm və (və ya) hərflərlə) özündə əks etdirən (xaricdə təhsil alanlar üçün mövcud qaydada leqallaşdırılmış və Azərbaycan dilinə tərcümə olunmuş) sənəd.

2.9.2.  ali təhsil müəssisəsinə qəbul olunarkən topladığı bal və ya DİM tərəfindən keçirilən imtahanlarda iştirak etməməsi haqqında sənəd (xaricdən köçürülənlər üçün);

2.9.3.  köçürülmə səbəblərini təsdiq edən sənədlər;

2.9.4. beynəlxalq səviyyəli imtahanlarda (SAT, TOEFL, İELTS və s.) qazandıqları nəticələri təsdiq edən rəsmi sənədlər (xaricdən köçürülənlər və ya ölkə ali təhsil müəssisələrinə bu imtahanların nəticələri ilə qəbul olunanlar üçün);

2.9.5. təhsil haqqı borcunun olmaması;

2.9.6. xaricdə təhsil aldığı müddətdə gediş-gəlişi təsdiq edən rəsmi sənədlər (xaricdən köçürülənlər üçün).

2.10.Bir ali təhsil müəssisəsindən və (və ya) ixtisasdan digərinə köçürülmək, eləcə də təhsilalma formasını dəyişmək istəyən tələbənin təqdim etdiyi sənədlər Təhsil Nazirliyində yoxlanılır, "Tələbə-məzun" dövlət elektron məlumat sistemi ilə tutuşdurulur, xaricdən köçürüldüyü halda tələbənin beynəlxalq imtahanlarda qazandıqları nəticələr, onun təhsil aldığı xarici ölkə ali təhsil müəssisəsinin həmin ölkədə akkreditə olunması, dünya reytinq cədvəllərindəki yeri və gediş-gəlişi təsdiq edən rəsmi sənədləri yoxlanılır, köçürülmə üçün əsasların olub-olmadığı müəyyənləşdirilir.

2.11. Köçürülmə üçün əsas olmadığı hallarda Təhsil Nazirliyi tərəfindən ərizəçiyə köçürülməkdən imtina barədə cavab verilir. Köçürülmə ilə bağlı müsbət qərar qəbul olunduğu təqdirdə tələbənin təhsil aldığı ali təhsil müəssisəsinə akademik transkript blankının ayrılması barədə (bir ali təhsil müəssisəsindən digərinə köçürülənlər üçün), köçürülmək istədiyi ali təhsil müəssisəsinə isə köçürülməyə razılıq verilməsi barədə Təhsil Nazirliyi tərəfindən məktub göndərilir. Xarici ölkə ali təhsil müəssisəsindən köçürülmə ilə bağlı müsbət qərar qəbul olunduğu təqdirdə tələbənin köçürülmək istədiyi ali təhsil müəssisəsinə razılıq məktubu göndərilir.

2.12. Ölkə daxilində köçürülən tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin rektoru Təhsil Nazirliyinin razılıq məktubunu aldıqdan sonra 5 (beş) iş günü müddətində tələbənin başqa ali təhsil müəssisəsinə köçürülməsi ilə bağlı xaric olunması haqqında əmr verir və akademik transkriptlə birlikdə tələbənin şəxsi işini onun köçürüldüyü ali təhsil müəssisəsinə göndərir. Şəxsi iş ali təhsil müəssisəsi tərəfindən tələbənin özünə və ya etibarnamə əsasında onun səlahiyyətli nümayəndəsinə verilə bilər.

2.13. Tələbənin köçürüldüyü ali təhsil müəssisəsinin rektoru, Təhsil Nazirliyindən razılıq məktubu və tələbənin şəxsi işi[3] daxil olduqdan sonra, 5 (beş) iş günü müddətində akademik transkriptlə köçürüldüyü ixtisasın tədris planındakı fənlər üzrə kreditləri müqayisə edir, uyğun olanları nəzərə alır və onun tələbə kontingentinə daxil edilməsi barədə əmr verir.

2.14. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin xarici ölkə ali təhsil müəssisələrindən ölkənin ali təhsil müəssisələrinə köçürülməsi zamanı bu Qaydaların 2.7-2.8-ci bəndlərində qoyulan tələblər nəzərə alınmır.

 

3.           Tələbələr sırasından xaric edilmə

 

3.1. Tələbə aşağıdakı hallarda ali təhsil müəssisəsindən xaric edilir:

3.1.1. öz arzusu ilə;

3.1.2. başqa ali təhsil müəssisəsinə köçürüldükdə;

3.1.3. ali təhsil müəssisəsinin daxili intizam qaydalarını kobud şəkildə pozduqda;

3.1.4. səhhətinə görə (həkim-məsləhət komissiyasının arayışına əsasən);

3.1.5. növbəti tədris ilinə qeydiyyatdan keçməyib həmin tədris ilinin payız  semestrinin sonuna qədər ali təhsil müəssisəsi ilə əlaqə saxlamadıqda.

3.2. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ali təhsil müəssisələrindən xaric edilmiş şəxslər 6 ay müddətində ali təhsil müəssisəsinə bərpa olunmadıqda çağırışa möhlət hüquqlarını itirirlər və ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Möhlət hüququnu itirmiş şəxslər barədə rəsmi məlumat bir həftə müddətində ali təhsil müəssisəsinin rektoru tərəfindən onların hərbi uçotda olduqları dövlət qurumuna verilir.  

3.3. Tələbələr sırasından xaric edilmiş şəxsə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.01.2010-cu il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası”nın 1 nömrəli əlavəsində verilmiş formaya uyğun müvafiq arayış və təhsil haqqında sənədin əsli verilir, həmin sənədin surəti və xaric olunma haqqında əmrdən çıxarış isə ali təhsil müəssisəsində tələbənin şəxsi işində saxlanılır.  

 

4.           Tələbələr sırasına bərpa

 

4.1.             Ali təhsilin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsilində tələbələr sırasından xaric olunmuş şəxslər xaric olunma vaxtından bir semestr keçdikdən sonra 15 il müddətində ali təhsil müəssisəsinə bərpa olunmaq hüququna malikdirlər.

4.2.             Azərbaycan Respublikasının ali təhsil müəssisəsindən xaric olunmuş şəxsin həmin ali təhsil müəssisəsinə öz ixtisası üzrə bərpası onun ərizəsi əsasında bu Qaydaların 1.4-cü bəndində göstərilən müddətdə ali təhsil müəssisəsinin rektorunun əmri ilə həyata keçirilir. Bütün digər hallarda bu Qaydaların 1.5-ci, 1.11-ci və 2.1–2.8-ci bəndlərinin tələbləri gözlənilməklə tələbənin bərpası Azərbaycan Respublikası Təhsil Nazirliyinin razılığı ilə ali təhsil müəssisəsinin vəsatəti əsasında həyata keçirilir. Bərpa barədə ərizəyə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.01.2010-cu il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası”nın 1 nömrəli əlavəsində verilmiş formaya uyğun müvafiq arayış və əvvəlki təhsil haqqında sənədin əsli (əgər xaric edildiyi ali təhsil müəssisəsinə bərpa olunmursa) əlavə edilir.

4.3.             Xüsusi təyinatlı ali təhsil müəssisələrində təhsil alıb sonradan səhhətinə görə xaric olunan şəxslər ixtisasına uyğun olaraq Azərbaycan Respublikasının müvafiq mülki ali təhsil müəssisələrinə bərpa oluna bilərlər. Onların bərpası bu Qaydaların 1.4-cü bəndində göstərilən müddətdə bu Qaydaların 2.9.1-2.9.3-cü yarımbəndlərində göstərilən sənədləri müvafiq mülki ali təhsil müəssisəsinə təqdim etməklə, ali təhsil müəssisəsinin müraciəti əsasında Azərbaycan Respublikası Təhsil Nazirliyinin razılığı ilə həyata keçirilir. Hər hansı bir səbəbdən xarici ölkə ali təhsil müəssisəsinin tələbələr sırasından xaric edilmiş şəxs ixtisasına uyğun olaraq Azərbaycan Respublikasının müvafiq mülki ali təhsil müəssisəsinə bərpa oluna bilər. Bu qəbildən olan şəxslərin bərpası Qaydaların 1.4-cü bəndində göstərilən müddətdə 2.7-2.12-ci bəndlərinədə uyğun həyata keçirilir.

4.4.             Bərpa olunmuş tələbələrin şəxsi işi bərpa edilir. Bu şəxsi işə rektorun adına yazılmış ərizə, bərpa olunma haqqında əmrdən çıxarış, digər ali təhsil müəssisəsindən xaric edilmiş tələbələrin şəxsi işinə isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.01.2010-cu il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası”nın 1 nömrəli əlavəsində verilmiş formaya uyğun müvafiq arayış və xaric olunma haqqında əmrdən çıxarış əlavə edilir.

 

5.           Akademik məzuniyyətin verilməsi

 

5.1. Tələbəyə akademik məzuniyyət aşağıdakı hallarda və müddətə verilir:

5.1.1. müddətli həqiqi hərbi xidmətə çağırıldıqda - xidmət müddətinə;

5.1.2. ailə vəziyyətinə görə - 2 il müddətinədək;

5.1.3. səhhətinə görə - həkim-məsləhət komissiyasının arayışında göstərilən müddətə;

5.1.4. sosial məzuniyyətə çıxdıqda - qanunvericiliklə müəyyən olunmuş müddətə;

5.1.5. müxtəlif proqramlar əsasında xarici ölkələrə təhsil almağa getdikdə - proqramda göstərilən müddətə.

5.2. Akademik məzuniyyətdən qayıdan şəxslər tədris prosesinə növbəti semestrdən buraxılırlar. Akademik məzuniyyətdən qayıtdıqda əvvəl təhsil aldığı ali təhsil müəssisəsində öz  ixtisası üzrə kadr hazırlığı aparılmadıqda Təhsil Nazirliyinin razılığı əsasında tələbə həmin müəssisədə digər ixtisas üzrə tələbələr sırasına daxil edilə bilər. O, əvvəllər təhsil aldığı ixtisas üzrə təhsilini davam etdirmək istədikdə bu Qaydaların 2-ci bölməsinin müvafiq tələbləri gözlənilməklə digər ali təhsil müəssisəsinə köçürülə bilər. Hər iki halda məsələyə müvafiq ali təhsil müəssisəsinin müraciəti əsasında Təhsil Nazirliyində baxılır.

 

 


[1] Bu zaman II və III ixtisas qruplarında müəyyənləşdirilmiş “tarix və coğrafiya müəllimliyi”, “tarix müəllimliyi” və “tarix” ixtisasları öz aralarında, eləcə də II ixtisas qrupunda müəyyənləşdirilmiş “beynəlxalq münasibətlər” və “regionşünaslıq” ixtisasları isə III ixtisas qrupuna daxil olan digər ixtisaslarla (mədəniyyət və incəsənət ixtisasları istisna olmaqla) uyğun hesab edilir.

 

[2] Times Higher Education World University Rankings (https://www.timeshighereducation.com/world-university-rankings/2017/world-ranking; Quacquarelli Symonds – QS World University Rankings (http://www.topuniversities.com/university-rankings), Academic Ranking of World Universities - Shanghai Ranking (http://www.shanghairanking.com/ARWU2013.html)

[3] Əvvəlki təhsil səviyyəsi barədə sənəd, qəbul və xaric olunma, təhsili barədə əmrlərdən çıxarışlar və blankı Təhsil Nazirliyi tərəfindən verilən akademik arayış (akademik transkript).

 

 

Digər yazılar

Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydalarında dəyişiklik edilməsi haqqında
Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi qaydası
Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları
Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları
Ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında
Bakı Dövlət Universitetinin Nizamnaməsi
Ali təhsil pilləsinin dövlət standartı və proqramı
Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinin tələbələrinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası
Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsili üzrə təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar
Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları