Ən çox verilən suallar:
1) Ali təhsil müəssisələrində təhsilalanların köçürülməsi qaydaları kimlərə şamil olunur?
- Mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının bütün ali təhsil müəssisələrində (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla) təhsil alan tələbələrə şamil edilir.
2) Ali təhsil müəssisələrinin bakalavriat səviyyələrində təhsilalanların köçürülməsi hansı qaydada həyata keçirilir?
- Ali təhsil müəssisələrinin bakalavriat səviyyələrində təhsilalanların köçürülməsi Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən elektron proqram təminatı tətbiq olunmaqla, mərkəzləşdirilmiş qaydada həyata keçirilir.
3) Azərbaycanın ali məktəblərində tələbələrin bir ali məktəbdən digər ali məktəbə və ya bir ixtisasdan digər ixtisasa köçürülməsi (daxili köçürülmə) hansı hallarda baş verə bilər?
- Tələbələrin bir dövlət ali təhsil müəssisəsindən digər dövlət ali təhsil müəssisəsinə, yaxud bir ixtisasdan digərinə köçürülməsi Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə müvafiq ali məktəb rəhbərliyinin əmri ilə həyata keçirilir. Mövcud qaydalara görə, tələbələrin bir ali məktəbdən digərinə köçürülməsinə yalnız əsaslı səbəblər olduğu halda (ailə qurduqda, sağlamlıqla bağlı problem olduqda, yaşayış yerini dəyişdikdə və s.) icazə verilir. Dövlət adından təsisçi funksiyalarını həyata keçirən digər nazirlik, dövlət komitəsi və ya idarələrin (bundan sonra - qurum) tabeliyində olan dövlət ali təhsil müəssisələrinə köçürülməsi və bərpası tabe olduqları qurumun və Təhsil Nazirliyinin razılığı ilə həyata keçirilir.
4) Ali təhsil müəssisələrinin bakalavriat səviyyələrində təhsilalanların köçürülməsi zamanı hansı minimal keçid balları nəzərə alınır?
- Təhsil Nazirliyi minimal keçid balları haqqında məlumatı Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin (DİM) rəsmi internet səhifəsindən (http://www.tqdk.gov.az/activities/exams/bakalavr/) əldə edir.
5) Əgər tələbə dövlət hesabına təhsil alırsa köçürüldükdən sonra o hansı formada təhsilini davam etdirir?
- Bir ali təhsil müəssisəsindən digərinə köçürülən, ixtisasını dəyişən şəxslər (dövlət sifarişi əsasında təhsilalanların eyni ixtisas üzrə köçürülməsi istisna olmaqla) təhsillərini yalnız ödənişli əsaslarla davam etdirirlər.
6) Ölkə daxilində bakalavriat səviyyəsində tələbələrin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi hansı şərtlərlə aparıla bilər?
- Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin (DİM) tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmamalıdır. Bu zaman tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar DİM tərəfindən müəyyən olunmuş eyni ixtisas qrupu daxilində olmalıdır. II və III ixtisas qruplarında müəyyənləşdirilmiş “tarix və coğrafiya müəllimliyi”, “tarix müəllimliyi” və “tarix” ixtisasları öz aralarında, eləcə də II ixtisas qrupunda müəyyənləşdirilmiş “beynəlxalq münasibətlər” və “regionşünaslıq” ixtisasları isə III ixtisas qrupuna daxil olan digər ixtisaslarla (mədəniyyət və incəsənət ixtisasları istisna olmaqla) uyğun hesab edilməlidir.
7) Xarici ölkələrin ali təhsil müəssisələrindən Azərbaycan Respublikası ali təhsil müəssisələrinə köçürülərkən əsas nəzərə alınan göstəricilər hansılardır?
- Tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin dünyanın ən yaxşı ali təhsil müəssisələri reytinqlərində yer alması;
- Tələbənin xarici ölkə ali təhsil müəssisələrində əyani təhsil alması;
- DİM tərəfindən keçirilən imtahanlarda iştirak etmədikləri halda beynəlxalq səviyyəli imtahanlarda qazandığı nəticələr (SAT imtahanından yeni şkala üzrə ən azı 1000 bal (riyaziyyat üzrə ən azı 560 bal), TOEFL İBT imtahanından ən azı 75 bal, İELTS imtahanından ən azı 6.0 bal); qənaətbəxş akademik göstəriciləri; köçürülmə səbəbləri; təhsil aldığı ali təhsil müəssisənin dünyanın ən yaxşı ali təhsil müəssisələri reytinqlərində yer alması;
- DİM tərəfindən keçirilən qəbul imtahanlarında iştirak etdiyi halda tələbənin topladığı balın həmin ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmaması və tələbənin akademik göstəriciləri.
8) Köçürülmək istəyən tələbə hansı sənədləri toplamalıdır?
- tələbənin təhsil müddətində fənlər üzrə topladığı kreditləri və qiymətləri (hərf və balla) özündə əks etdirən sənəd - akademik transkript (xaricdə təhsil alanlar üçün mövcud qaydada leqallaşdırılmış və Azərbaycan dilinə tərcümə olunmuş);
- təhsil aldığı müddətdə gediş-gəlişi təsdiq edən rəsmi sənəd (xarici pasport);
- ali təhsil müəssisəsinə qəbul olunarkən topladığı bal və ya DİM tərəfindən keçirilən imtahanlarda iştirak etməməsi haqqında sənəd (xaricdən köçürülənlər üçün);
- köçürülmə səbəblərini təsdiq edən sənəd (xarici ölkə ali təhsil müəssisələrindən Azərbaycan Respublikası ali təhsil müəssisələrinə köçürülərkən);
- beynəlxalq səviyyəli imtahanlarda (SAT, TOEFL, İELTS və s.) qazandıqları nəticələri təsdiq edən rəsmi sənədlər (xaricdən köçürülənlər və ya ölkə ali təhsil müəssisələrinə bu imtahanların nəticələri ilə qəbul olunanlar üçün);
- təhsil haqqı borcunun olmamasına dair arayış.
9) Universiteti bitirmişəm, attestatımın əslini necə əldə edə bilərəm?
- "Təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 82 saylı, 29 aprel 2010-cu il tarixli qərarı ilə “Diplom və diploma əlavə və ya onların dublikatları, şəhadətnamə və attestat sahiblərinə şəxsən təqdim edilir. Sənədin şəxsən təqdim edilməsi mümkün olmadıqda, sənəd şəxsin qanuni nümayəndəsinə və ya şəxsin adından çıxış edən digər şəxsə müəyyən olunmuş qaydada tərtib olunmuş etibarnamə əsasında verilir.” Müvafiq qərarın yuxarıda qeyd olunan bəndini əsas tutaraq məzuna aid bakalavr diplomunun və şəxsiyyət vəsiqəsinin surəti ilə Bakı Dövlət Universitetinə yaxınlaşıb gün ərzində attestatı əldə etmək mümkündür.
10) Bu tədris ilində Bakı Dövlət Universitetinin III kursuna köçürülmüşəm, təhsil haqqını hansı qiymətlərə uyğun ödəyəcəyəm?
- Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 15.11.2017-ci il tarixli, 5/2 nömrəli qərarı ilə təsdiq edilmiş «Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsili üzrə təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar”ın 1.11. bəndinə əsasən “Bərpa olunan, təhsilalma formasını dəyişən və ya köçürülən (dövlət sifarişi əsasında təhsil alanların eyni ixtisas üzrə köçürülməsi istisna olmaqla) tələbələr təhsil alacağı qrup üçün müəyyən edilmiş məbləğə uyğun təhsil haqqı ödəyirlər.”