Ali təhsil müəssisələrində təhsilalanların köçürülməsi və ixtisaslarının dəyişməsi prosesinin elektronlaşdırılması barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
Ali təhsil müəssisələrinə köçürülmə, yaxud ixtisasların dəyişdirilməsi prosesinin səmərəli və sadələşdirilmiş formada aparılması məqsədi ilə "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanını, Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli qərarı ilə təsdiq olunmuş "Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 yanvar 2011-ci il tarixli 9 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin 3.9-cu bəndini və “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq
ƏMR EDİRƏM:
1. Tabeliyindən və mülkiyyət növündən asılı olmayaraq bakalavriat səviyyəsində təhsilalanların bir ali təhsil müəssisəsindən və ya ixtisasdan digərinə köçürülməsi Təhsil Nazirliyinin transfer.edu.az elektron portalı vasitəsilə aparılmasına başlanılsın.
2. Müəyyən edilsin ki, ali təhsil müəssisələrinə köçürülmə və ixtisasların dəyişdirilməsi prosesi Təhsil Nazirliyinin elektron portalı (transfer.edu.az) ilə yanaşı Azərbaycan Respublikası təhsil nazirinin 14.02.2014-cü il tarixli 194 nömrəli əmri ilə təsdiq olunmuş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair müvəqqəti Qaydalar”ında müəyyən edilmiş prosedur əsasında da aparıla bilər.
3. İnformasiya şöbəsi (E.Əliyev) bu əmrin “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını, Təhsil Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilməsini və yerlərə çatdırılmasını təmin etsin.
4. Əmrin icrasına nəzarət nazir müavini C.Bayramova tapşırılsın.
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
5 avqust 2016-cı il
№545