2018/2019-cu tədris ilində bakalavriat səviyyəsində Yekun Dövlət Attestasiyasının keçirilməsi haqqında
R-66 saylı 15.05.2019-cu il tarixli əmr
2018/2019-cu tədris ilində bakalavriat səviyyəsində Yekun Dövlət Attestasiyasının keçirilməsi haqqında
Bakı Dövlət Universitetində bakalavriat səviyyəsində Azərbaycan Respublikası Təhsil nazirinin 2014-cü il 22 avqust tarixli 913 nömrəli əmri ilə təsdiq edilmiş Ali təhsil pilləsinin Dövlət Standartında müəyyən edilmiş ixtisaslar üzrə təhsil proqramlarının tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulan cari attestasiyalardan (fənlər üzrə attestasiyalardan) müvəffəqiyyətlə keçmiş tələbələrin əldə etdiyi bilik və bacarıqlarını müəyyənləşdirib onlara hərtərəfli obyektiv qiymət vermək məqsədi ilə mütəxəssis hazırlığının son mərhələsi olan Yekun Dövlət Attestasiyası keçirilir. Bununla əlaqədar təhsil müddətində tələbələrin təhsil göstəriciləri əsasında Yekun Dövlət Attestasiyasının buraxılış işinin müdafiəsi və ya Yekun Dövlət imtahanının verilməsi formasında keçirilməsi barədə BDU Elmi Şurasının 2014-cü il 21 may tarixli iclasında müvafiq qərar qəbul edilmiş və bu barədə 22 may 2014-cü il tarixli R-72 nömrəli əmr verilmişdir.
2018/2019-cu tədris ilində Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1997-ci il 27 yanvar tarixli 54 nömrəli əmri ilə təsdiq olunmuş “Ali təhsil müəssisələri tələbələrinin bakalavr pilləsində dövlət attestasiyası haqqında Əsasnaməyə”yə uyğun olaraq Yekun Dövlət Attestasiyasının mütəşəkkil və obyektiv keçirilməsini təmin etmək məqsədi ilə
ƏMR EDİRƏM:
1. 2018/2019-cu tədris ilində bütün fakültələrdə müvafiq ixtisaslar və təhsil formaları üzrə universiteti bitirəcək və təhsil aldığı müddət ərzində Ali təhsil pilləsinin Dövlət Standartında müəyyən edilmiş Təhsil proqramının şərtləri yerinə yetimiş ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) yüksək olan son kurs tələbələrinin ümumi sayının 20%-i üçün Yekun Dövlət Attestasiyası forması kimi buraxılış işinin müdafiəsi nəzərdə tutulsun. Buraxılış işinin müdafiəsi BDU Elmi Şurasının 2017-ci il 17 mart tarixli qərarı ilə təsdiq edilmiş qiymətləndirmə meyarlarına uyğun olaraq keçirilisin.
2. Bakalavriat səviyyəsinin əyani və qiyabi təhsilalma formaları üzrə müvafiq ixtisaslarda normativ təhsil müddətində Ali təhsil pilləsinin Dövlət Standartında müəyyən edilmiş ixtisaslar üzrə təhsil proqramlarının tədris planına uyğun kreditləri toplamış son kurs tələbələrinin ümumi sayının qalan 80%-i üçün isə Yekun Dövlət Attestasiyası Dövlət imtahanı formasında keçirilsin.
3. Dövlət imtahanlarının biletləri 5 sualdan ibarət olmaqla tərtib edilsin. Hər bir cavab 10 baladək qiymətləndirilsin (cəmi 50 bal) və Avropa Kredit Transfer sisteminə uyğunlaşdırmaq məqsədilə toplanmış balların cəmi 2-yə vurularaq yekun qiymətləndirmə aparılsın. Minimum 26 bal toplamış tələbə imtahanı müvəffəqiyyətlə vermiş hesab edilsin.
4. Müvafiq fakültələr üzrə Yekun Dövlət imtahanları rektor tərəfindən təsdiq edilmiş qrafikə uyğun 04 iyun-13 iyun 2019-cu il tarixlərində keçirilsin. Bu tarixlərdə keçirilən imtahanlarda ixtisasın tədris planına uyğun kreditləri toplamış passiv tələbələrin, bərpa olunmuş, kontingentdə saxlanılmış və müvafiq fakültələr üzrə yenidənhazırlanma təhsili alan tələbələrin iştirakı da təmin edilsin. İmtahanlar saat 1100-da başlasın.
5. 2018/2019-cu tədris ilinin yaz semestrində alt qruplarda, əlavə yaradılmış qruplarda iştirak edən və sessiya dövründə akademik borclarını ləğv edən tələbələr (passiv tələbələr də daxil olmaqla), eləcə də təlimata uyğun olaraq təkrar Yekun Dövlət Attestasiyasında iştirak etmək hüququ olan tələbələr üçün (kontingentdə saxlanılan tələbələr də daxil olmaqla) 27-28 iyun 2019-cu il tarixlərində təkrar Yekun Dövlət imtahanları keçirilsin. İmtahanlar saat 1100-da başlasın.
6. Buraxılış işinin müdafiəsi mövcud qaydalara əsasən Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor tərəfindən təsdiq edilmiş qrafikə uyğun aparılsın.
7. Əmrin icrasına nəzarət Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor İradə Əliyevaya həvalə edilsin.
Əsas: Mövcud əsasnamə, 22.05.2014-cü il tarixli R-72 nömrəli əmr, BDU Elmi Şurasının 17.03. 2017-ci il tarixli 04 nömrəli iclas protokolundan çıxarış